Əsas Səhifə / Bakı Apellyasiya Məhkəməsi / Rəyasət Heyəti

“Məhkəmələr və hakimlər haqqında”

Azərbaycan Respublikasının Qanunundan

 

 

ÇIXARIŞ

 


Maddə 63. Apellyasiya məhkəməsinin Rəyasət Heyətinin tərkibi və səlahiyyətləri


Apellyasiya məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.


Apellyasiya məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.


Apellyasiya məhkəməsinin Rəyasət Heyəti:

  • apellyasiya məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;
  • qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;
  • Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin, məlumatlarını dinləyir;
  • Apellyasiya məhkəməsində baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;
  • qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 64. Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iş qaydası


Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Apellyasiya məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.


Azərbaycan Respublikası Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, habelə digər şəxslər apellyasiya məhkəməsinin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər.


Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.


Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.


Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.


Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.

Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasda sədrlik edən imzalayır.


Apellyasiya məhkəməsinin aparatı Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası üçün digər zəruri tədbirlər görür.


© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |