Xəbərlər

Kütləvi informasiya vasitələrinin nəzərinə

20.02.2014

“Şərq” qəzetinin 20 fevral 2014-cü il tarixli 31(3763) sayında “Məhkəmələrə inam azalır” başlıqlı yazı dərc edilmişdir.

Həmin yazıda “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Cahangir Dövlətovun 22 yaşlı Könül Məmmədovanı döyərək işgəncə verməsi barədə cinayət işi ilə bağlı olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının “cəzanı iki ilə endirməsi” nə dair  fikirləri dərc edilib.

            Həmin məqalə ilə bağlı olaraq bildiririk ki,  Dövlətov Cahangir Divangir oğlu birinci instansiya məhkəməsinin 10 aprel 2013-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 133.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli qərarı ilə  Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı qismən ləğv edilərək  C.Dövlətovun Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə məhkum olunmasına dair hissəsi dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində isə hökm ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Yeni apellyasiya baxışı zamanı C.Dövlətovun Cinayət Məcəlləsinin 315.2-ci maddəsi olan əməli 315.1-ci maddəsinə tövsif olunaraq ona həmin madə ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, yeni apellyasiya baxışı zamanı Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə olan əməli məhkəmə baxışının predmeti olmamış və təyin edilmiş cəzalar qismən toplanmaqla qəti olaraq ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.Yəni C. Dövlətovun məqalədə qeyd edilən qıza münasibətdə törətdiyi əmələ görə təyin edilmiş cəzası Bakı Apellyasiya Məhkəməsində dəyişdirilməmişdir.

Bakı Apellyasiya Məhkəməsi tövsiyyə edir ki, kütləvi informasiya vasitələri faktlara əsaslanan və dəqiqləşdirilmiş informasiyalar versinlər.

           

 

Bakı Apellyasiya Məhkəməsi



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |