Xəbərlər

Kütləvi informasiya vasitələrinin nəzərinə

16.07.2013

“Bizim Yol” qəzetinin  16 iyul 2013-cü il tarixli 128(2182) sayında “Oğulun və məhkəmələrin küçələrə saldığı 80 yaşlı alim” başlıqlı yazı dərc edilmişdir. 

           Həmin yazıda Qabil Həsənovun tərəf kimi iştirak etdiyi mülki işlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehti Əsədovun qəbulunda olarkən ədalətli qərarın qəbul edilməsi üçün maaş kartını hakimə verdiyi, bunu eşidən kimi hakimin kartı alıb qapının qarşısına ataraq onu kabinetindən qovduğu qeyd edilmişdir.

Kütləvi informasiya vasitəsində yoxlanılmadan dərc edilən məlumatla bağlı bildiririk ki, Həsənov Qabil Həbib oğlu Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, maddi vəziyyətinin pis olması ilə əlaqədar məhkəmənin 26 aprel 2013-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi və kassasiya instansiyası məhkəməsində vəkillə təmsil olunması üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını  xahiş etmişdir.

27 may 2013-cü il tarixdə keçirilmiş məhkəmə iclasında həmin ərizəyə baxılarkən, ərizəçinin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olub-olmaması araşdırılarkən Qabil Həsənov uca səslə nə qədər pensiya almasının heç kimə aidiyyəti olmadığını bildirmiş, sədrlik edənin intizama riayət etmək barədə göstərişlərinə əməl etməyərək pensiya kartını məhkəmə tərkibinin qarşısına ataraq məhkəmə iclasında qaydanı pozmağa cəhd etmişdir. Pensiya kartı hakim köməkçisi vasitəsilə Qabil Həsənova təqdim edilmiş, onun hüquq və vəzifələri, məhkəmə iclasında qaydanı pozan şəxslər barəsində görülən tədbirlər izah edilməklə Qabil Həsənovun yaşı nəzərə alınaraq barəsində tədbir görülməmişdir. Məhkəmə iclasında sakitlik bərpa olunduqdan sonra ərizəyə baxılaraq müvafiq qərar qəbul edilmişdir.

 

Bakı Apellyasiya Məhkəməsi



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |