Xəbərlər

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində tədbir keçirilmişdir

08.05.2013

Mayın 8-də Bakı Apellyasiya Məhkəməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Hakimlərin və məhkəmə aparatı əməkdaşlarının iştirak etdiyi tədbiri giriş nitqi ilə açan Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev Azərbaycan dövlətinin və xalqının tarixində silinməz iz buraxan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesindən, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin yaranmasından, dövlət quruculuğu istiqamətində əldə edilmiş yüksək nailiyyətlərdən, həmçinin məhkəmə-hüquq sisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır.

Böyük şəxsiyyət, dahi insan Heydər Əliyevin ömrünün hər bir gününü və dəqiqəsini dövlətinə, millətinə həsr etdiyini, Azərbaycan xalqına və dövlətçiliyinə daim sədaqətlə xidmət etdiyini, ömrünün və fəaliyyətinin indiki və gələcək nəsillərə örnək olduğunu vurğulayan məhkəmə sədri, ulu öndərin siyasi uzaqgörənliyindən, müdrikliyindən, müasir hüquq sistemimizin inkişafındakı müstəsna rolundan və onun rəhbərliyi ilə aparılan hüquqi dövlət quruculuğu prosesindən söz açmışdır.

Məhkəmə sədri məhkəmə sisteminin qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formalaşmasının, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılmasının ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsi olmasını bildirərək, dahi rəhbərin siyasi kursunun layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə-hüquq sisteminə daim diqqət və qayğı göstərildiyini diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən hakimlər ulu öndərin həyat yolu, siyasi fəaliyyəti ilə bağlı zəngin dövlətçilik təcrübəsi və Azərbaycanın inkişafı naminə misilsiz fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək ümummilli liderlə bağlı xatirələrindən danışmışlar.

 

Bakı Apellyasiya Məhkəməsi



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |