Xəbərlər

Bakı Apellyasiya Məhkəməsinin məlumatı

29.01.2021

               Yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində tarixi Zəfərlə nəticələnmiş 44 günlük Vətən Müharibəsində iştirak etmiş məhkəmənin əməkdaşları Namazov Anar Orucəli oğlu və Qəşəmzadə Fuad Vahid oğlu ilə görüş keçirilmişdir.

Görüş zamanı hər iki əməkdaş 30 ilə yaxın müddət ərzində  düşmən işğalında  olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməndən azad olunması və işğalçı Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən  44 günlük Vətən Müharibəsində iştirak etdiklərindən böyük qürur duyduqlarını bildirərək, ordudakı əsgər və zabitlərimizin yüksək döyüş ruhu və qələbə əzmi, hər an Vətən ugrunda canlarından keçməyə hazır olmaları barədə xatirələrini bölüşmüşlər.

            Çıxış edənlər yekdil olaraq vurğulamışlar ki, Prezident İlham Əliyevin çox yönümlü siyasəti nəticəsində ordu quruculuğunun və hərbi sahənin yüksək səviyyədə inkişafı, diplomatik və informasiya sahəsində aparılmış uğurlu siyasət, eləcə də xalqın bir yumruq kimi birliyi düşmən üzərində qazanılan tarixi qələbəni şərtləndirmişdir.

            Xüsusi olaraq qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən Respublikamızda hər zaman sosial baxımdan həssas qruplara, o cümlədən də hərbiçilərə, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən yüksək qayğı və diqqət göstərilmiş, bu gün həmin siyasət, xüsusən də Vətən Müharibəsində şəhid olan şəxslərin ailələrinə, yaralılara və müharibə iştirakçılarına münasibətdə daha artıq həssaslıqla davam etdirilir.

            Çıxış edənlər bir daha “Dəmir Yumruq” əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad olunması və Ermənistan ordusunun darmadağın edilməsindəki tarixi qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuza və bu qələbənin əldə olunmasında pay sahibi olan məhkəmənin əməkdaşları A.Namazov və  F.Qəşəmzadəyə  dərin ehtiram və minnətdarlıqlarını bildirmişlər.

            Tədbirin sonunda Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları Namazov Anar Orucəli oğlu və Qəşəmzadə Fuad Vahid oğlunun mükafatlandırılmaları barədə məhkəmə rəhbərliyinin müvafiq əmri kollektivə elan olunmuşdur.



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |